MƏDƏNİYYƏTİN TƏRƏQQİSİ HƏYAT SƏVİYYƏSİNİN GÖSTƏRİCİSİDİR

 

İmişli Azərbaycanın həmişəcavan dilbər guşəsidir. Bu yurdda xalqımızın adət və ənənələri, millətimizin dəyərləri ehtiramla yaşadılır.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirovla görüşərkən o söylədi ki, uzun illərdir İmişlidə mədəniyyət sahəsində çalışır. O, mədəniyyət və turizmin inkişaf etdirilməsi sahəsində görülən tədbirlər haqqında sualımıza cavab olaraq dedi:

—Rayonda mədəniyyət sahəsində son illər görülən tədbirlər, bu işin təşkili ulu öndər Heydər Əliyevin təməlini qoyduğu möhtəşəm islahatların tərkib hissəsidir. Əgər bu təməl olmasaydı, ötən əsrin sonlarında yaranmış fəsadlardan sonra mədəniyyətimizin vəziyyətini təsəvvür etmək çox çətin olardı. Məhz ulu öndərimizin mədəni həyatımızın çiçəklənməsinə göstərdiyi xüsusi diqqət həyatımızı yeniləşdirdi. İndi çox sevinirik ki, respublikamızın Prezidenti cənab İlham Əliyev və onun xanımı Mehriban Əliyeva bu mühüm işin başında dayanmışlar. Möhtərəm Prezidentimiz İmişliyə hər dəfə səfər edərkən, ilk növbədə mədəniyyət sahəsində görülən işlərlə maraqlanır, bizə hər cür kömək göstərir. Biz də çalışırıq ki, bu qayğı və diqqətin müqabilində daha yaxşı işləyək.

“Biz fəxr edirik ki, Azərbaycanın zəngin mədəniyyəti var, zəngin elmi var, zəngin incəsənəti, musiqisi vardır. Bunu da yaradanlar yüksək istedada malik olan adamlardır, fitri istedada malik olan adamlardır, eyni zamanda fədakar insanlardır”. Bu sözlər Azərbaycan mədəniyyətinin böyük qurucusu və ilhamçısı, bu sahədə ölkəmizdə həyata keçirilən islahatların müəllifi, musiqimizin, ədəbiyyatımızın himayədarı olan ulu öndər Heydər Əliyevə məxsusdur. Və bizim həyatımız, arzularımız böyük insanın çıxışlarında beləcə həmişə öz əksini tapmış, əməyimizə yüksək qiymət verilmiş, zəhmətimiz itməmişdir.

Rayonda əhalinin asudə vaxtının təşkili, gənclərin mənəvi, əxlaqi və vətənpərvərlik tərbiyəsi həmişə diqqət mərkəzindədir. Bu sahədə mədəni–maarif müəssisələrinin fəaliyyəti göz qabağındadır. Son vaxtlar vətəndaşlara mədəni xidmətin səviyyəsini yüksəltmək üçün xeyli yeni tədbirlər həyata keçirilmişdir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 46 kitabxana filialı, 26 klub müəssisəsi, tarix–diyarşünaslıq muzeyi, 2 musiqi məktəbi, mədəniyyət və istirahət parkları, rəsm qalereyası sakinlərə nümunəvi xidmət göstərir. Rayon mərkəzində yaradılmış Heydər Əliyev Mərkəzi sakinlərin ən çox sevdiyi məkana çevrilmişdir.

Əlamətdar günlər münasibətilə keçirilən tədbirlər ictimaiyyət tərəfindən maraqla, dərin razılıqla qarşılanır. Mədəni–maarif ocaqlarında görkəmli şəxsiyyətlərin, ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin yubileyləri yüksək səviyyədə qeyd olunur.

May ayı tədbirlərlə xüsusilə zəngin olmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi rayonda ümumxalq bayramına çevrilmişdir, bu işdə mədəniyyət işçiləri öz yüksək yaradıcılıq qabiliyyətlərini bir daha nümayiş etdirmişlər. Qələbə Günü münasibətilə keçirilən tədbirlər bütünlüklə İmişli əhalisinin, əmək və müharibə veteranlarının ürəyincə olmuşdur. “Kitab bayramı” hamının xoşuna gəlmişdir. “Ailə kiçik ittifaqdır”, “Bizim ailə”, “Sağlam ailə” mövzularında kitab sərgiləri nümayiş etdirilmişdir.

Güllər və çiçəklər insana həmişə sevinc, xoş əhval–ruhiyyə, gümrahlıq bəxş edir. Ulu öndər Heydər Əliyevin yubileyi şərəfinə təşkil olunmuş, yüksək zövqlə təşkil olunmuş “Gül bayramı” baxmağa gələnləri, sözün əsl mənasında, valeh etmişdir. Bir–birindən gözəl yaradıcılıq nümunələri, əklillər, buketlər, rəsmlər və əl işləri olduqca cazibədar xarakter daşımışdır.

Respublika Günü, Beynəlxalq Uşaqları Müdafiə Günü və digər tədbirlərdə mədəniyyət və turizm şöbəsinin bütün kollektivi var qüvvəsini sərf etmişdir.

Bundan başqa, ilboyu Yeni il və Novruz bayramı, 20 Yanvar və Xocalı faciəsi, Milli Qurtuluş, Silahlı Qüvvələr, milli Konstitusiya və digər əlamətdar günlər münasibətilə kütləvi tədbirlər, kitab sərgiləri, ədəbi–bədii müsamirələr, konfranslar, konsert və tamaşalar təşkil olunmuşdur.

Rayon mərkəzindəki rəsm qalereyası xalqın mənəvi dəyərlərinin əsl qoruyucusuna və təbliğat vasitəsinə çevrilmişdir. Burada Azərbaycanın və dünyanın incəsənət nümunələri, həvəskar rəssamların və məktəblilərin işləri nümayiş etdirilir.

Süleyman Bəşirov xüsusilə vurğuladı ki, kollektiv maarifləndirmə işini daim diqqət mərkəzində saxlayır. Bütün qüvvələr Heydər Əliyev irsinin təbliğinə, onun geniş kütlələr arasında daha dolğun mənimsənilməsinə, regionların sosial–iqtisadi inkişafını əks etdirən sənədlərin məzmununun sakinlərə çatdırılmasına, dövlətimizin və onun rəhbərinin daxili və xarici siyasətindəki uğurların təbliğinə yönəldilmişdir.

İmişlidə mədəniyyət müəssisələrinin maddi–texniki vəziyyətinin yaxşılaşdırılmasına daimi diqqət göstərilir. 1980–ci ildə tikilmiş tarix–diyarşünslıq muzeyi əsaslı təmir olunmuşdur. Burada eksponatların ümumi sayı 4000–ə yaxındır, bunların 1400–ü fond otaqlarında nümayiş etdirilir. Hazırda rayon rəhbərliyinin təşəbbüsü ilə açıq səma altında muzey filialının yaradılması ideyası reallaşdırılır. Rayon mədəniyyət sarayında da xeyli təmir işləri aparılmış, sarayın səhnəsi tamamilə yeniləşdirilmiş, müasir dekorasiya və işıqlandırma vasitələri ilə təchiz olunmuşdur. Kitabxanalar üçün xeyli yeni kitab, inventar, müasir elektron cihazlar alınmışdır. Bütün bunlar mədəni–kütləvi tədbirlərin daha dolğun, məzmunlu və təsirli olmasına kömək göstərir. Yaxın gələcəkdə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərən kitabxanaların və klubların iş şəraitinin yaxşılaşdırılmasına yönəldilən bir sıra tədbirlər həyata keçiriləcəkdir.

İmişli rayonunun ərazisində qədim yaşayış məskənlərinin olduğu elmə yaxşı məlumdur. Bundan başqa, rayonun saf suları, yeraltı və yerüstü sərvətləri və gözəl iqlimi vardır. Ona görə də İmişlidə turizmin perspektivləri barədə layihələr hazırlanır. Təbii–coğrafi şərait, yeni çəkilən yollar, tarixi abidələr bu işi təşkil etmək üçün əsas amillərdir.

Süleyman müəllim dedi:

—Bütün ölkə vətəndaşları kimi, biz mədəniyyət işçiləri də olduqca sevinirik ki, Azərbaycanımız cənab İlham Əliyevin rəhbərliyi altında daim möhkəmlənir, öz qüdrətini artırır. Dünya birliyinin tamhüquqlu üzvü kimi nüfuz və şöhrətimiz güclənmişdir, əhalinin həyat səviyyəsi, güzəranı yaxşılaşmışdır. Ölkəmizin “Eurovision” musiqi yarışmalarında son illər qazandığı nailiyyətlər uşaqdan böyüyə kimi hamını sevindirir və qanadlandırır. Muğamın təbliği, yeni–yeni nəşrlərin işıq üzü görməsi, yaradıcı insanların uğurları insanı heyrətə gətirir. Bir sözlə, mədəniyyət sahəsində indiki canlanma heç vaxt görünməmişdir.

Biz rayon mədəniyyət evində təşkil olunmuş növbəti tədbirdə iştirak etdik, özfəaliyyət kollektivinin çıxışına baxdıq. Süleyman müəllim bildirdi ki, yaxın günlərdə mədəniyyət evində yeni muğam qrupu yaradılacaq. Sonra mərkəzi kitabxana sisteminə baş çəkdik. Hər yerdə mədəniyyət işçilərinin xüsusi zövqlə hasilə gətirdikləri tədbirlərin, səliqə–sahmanın, yüksək əhval–ruhiyyənin şahidi olduq.

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 4 iyun.- S. 5.